Aİ ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları AQTİ laboratoriyalarında müayinələrə cəlb olunacaq
31 Avqust 2021 10:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsulları, o cümlədən işlənmiş dəri məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb və ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilib. Avropa İttifaqı ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları idxalçı ölkələrin tələblərinə və beynəlxalq protokola uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq göstəricilər üzrə müəyyən tezliklərlə müayinə olunacaq.
Mərkəzi Baytarlıq Laboratoriyasına ölkə üzrə gön-dəri emalı və tədarükü ilə məşğul olan müxtəlif müəssisələrdən ay ərzində 160.000 dən çox nümunə daxil olur. Gön-dəri nümunələrində qarayara xəstəliyinin müayinəsi bakterioloji (əkmə, mikroskopik, bioloji sınaq), molekulyar genetik (PZR) təyini və seroloji (presipitasiya reaksiyası) üsulu ilə həyata keçirilir. Laborator analizlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) “Quruda yaşayan heyvanların diaqnostika təlimatı”na istinad edilərək aparılır. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyasında quş qripi, quduzluq, botulizm, salmonellyoz, bruselyoz və s. kimi insan sağlamlığı üçün də xüsusi təhlükə yarada biləcək xəstəliklərin vaxtında və düzgün müayinəsi Bio-Rad, Biotek, Multiscan və s. cihazlar vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Polimeraz Zəncirvari Reaksiya (PZR), İFA (İmmunoferment Analiz), Komplementin Birləşməsi Reaksiyası (KBR), Aqlütinasiya Reaksiyası (AR), müxtəlif boyama üsulları və s. əsasında aparılır.
Qeyd edək ki, AQTİ nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər peşə fəaliyyətini uğurla icra edir.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş