AQTA 12 tondan çox saxta “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı aşkarladı
16 Yanvar 2020 16:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Belə ki, Agentliyin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.
Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.
“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.
Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.
Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılmışdır.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş