AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlayıb
10 İyul 2019 11:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.
Daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.
Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.
Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.
Vətəndaşlardan bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Dünyada son epizootik vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.