AQTA bəzi məhsul qrupları istisna olmaqla, Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb
16 May 2024 17:41
Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi (AQTA) tərəfindən Belarus Respublikasının qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri istisna olmaqla) üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
Belarusun müvafiq qida obyektləri üzrə təsdiq sistemi Agentliyin struktur bölmələri tərəfindən araşdırılıb və həmin ölkədə bu sahədə qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilib. Bundan sonra Belarusun müvafiq qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin 2024-cü il 1 iyun tarixində tanınması məqsədəuyğun hesab olunub.
Bundan əvvəl AQTA Rusiya Federasiyası ilə Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb. Həmçinin bəzi məhsul qrupları istisna olmaqla, Türkiyə Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb.
Qeyd edək ki, Agentlik “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda müəyyən edilən məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektlərinin Azərbaycan Respublikasında qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təsbit edilməsi, ticarət tərəfdaşı olan ölkələrlə əməkdaşlığın artırılması və təkrarlanan prosedurların aradan qaldırılması məqsədilə xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyini tanıyır. Prosesdə əsas meyarlar qismində qida və yem məhsulları ilə bağlı ticarət dövriyyəsi zamanı müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunsuzluqların statistikası, xarici ölkənin qida təhlükəsizliyi sisteminin, o cümlədən yoxlama və nəzarət sistemlərinin ölkədə tətbiq edilən sistemlə uyğunluğu və xarici ölkənin qida təhlükəsizliyi sisteminin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğunluğu nəzərə alınır.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
Giriş