AQTA-da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə strateji əməkdaşlıq imkanları mövzusunda görüş keçirilib.
21 Sentyabr 2018 00:00
21 sentyabr 2018-ci il tarixində, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Asiya İnkişaf Bankının nümayəndələri Sok Yonq Yun, Səbinə Cəfərova, Maykl Robert Minqes, Andre Kvitovski, AQTA sədrinin müşaviri Elxan Mikayılov və agentliyin nümayəndələri iştirak ediblər.
Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov Agentliyin fəaliyyət istiqamətləri və informasiya texnologiyalarının tətbiqi sahəsində qarşıya qoyulan hədəflər barədə görüş iştirakçılarına geniş məlumat verib. Müşavir qida məhsullarının elektron izlənilməsi sisteminin yaradılması üçün qabaqcıl ölkələrin təcrübəsinin öyrənildiyini qeyd edib və qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Daha sonra görüş iştirakçıları innovasiyaların və rəqəmsal inkişaf texnologiyalarının qida təhlükəsizliyi sahəsində tətbiqi mövzusunda müzakirələr aparıblar. Asiya İnkişaf Bankının nümayəndəsi cənab Sok Yonq Yun təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri uğurlu layihələr haqqında çıxış edib. Cənab Sok Yong Yun Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strateji əməkdaşlıq imkanlarının öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş iştirakçıları qida təhlükəsizliyi sahəsində texnoloji innovasiyaların tətbiqi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi mövzusunda müzakirələr aparıb.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Dünyada son epizootik vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.