AQTA-da Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib
2 Noyabr 2022 12:37




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Ət və Ət istehsalçıları Assosiasiyasının rəhbəri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Görüşdə son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən hərtərəfli dəstək nəticəsində bu sahənin inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılıb. 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan baytarlıq nəzarəti ilə bağlı dəyişikliklər, həmçinin heyvan mənşəli məhsulların idxalı və yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblər barədə məlumat verilib. Bildirilib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Tədbirdə Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov və digər ictimai birliklərin üzvləri iştirak ediblər.
Daha sonra heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
