AQTA-da ictimai iaşə obyektlərinin sahibləri ilə görüş keçirilib
29 Noyabr 2019 10:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər davam etdirilir.
AQTA sədrinin müavini Balarəhim Quliyevin iştirakı ilə növbəti belə görüş ictimai iaşə obyektlərinin sahibləri ilə baş tutub. “İctimai iaşə müəssisələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanan uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda təşkil olunan görüşdə monitorinqlər zamanı ictimai iaşə obyektlərində aşkarlanan uyğusuzluqların aradan qalıdırılması ilə bağlı sahibkarlıq subyektlərinə bir sıra tövsiyələr verilib.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq ölkədə istehsal edilən qida məhsulları istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı, idxal edilən məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ictimai iaşə obyektlərinə daxil olmalıdır. Lakin AQTA-nın keçirdiyi monitorinqlər zamanı bu təlimatların, sanitar-gigiyenik qaydaların, mal qonşuluğu prinsipinin, eləcə də məhsulların markalanmasında tələblərin pozulduğu aşkarlanıb. Diqqətə çatdırılıb ki, ictimai iaşə obyektlərinin sahibləri bununla bağlı təlimata əməl etməlidirlər.
İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib. Sonda sahibkarların sualları cavablandırılıb.
Oxşar xəbərlər

Heyvan kəsimi məntəqələrində hansı qaydalara əməl olunmalıdır?
Qurban bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it,pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.