AQTA-da şadlıq evlərinin rəhbərləri ilə görüş keçirilib
31 Avqust 2022 17:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkədə fəaliyyət göstərən bir sıra şadlıq evlərinin rəhbərləri ilə onlayn formatda görüş keçirilib. Görüşün keçirilməsində məqsəd şadlıq evlərinin rəhbərlərinin qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması, eləcə də bu sahibkarlıq subyektlərində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.
Görüşdə diqqətə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Şadlıq evlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətini təkmilləşdirməli və qida təhlükəsizliyi ilə bağlı qüvvədə olan bütün norma və tələblərə ciddi şəkildə əməl etməlidirlər.
Görüşdə agentliyin sədr müavini Rəşad Mafusov sahibkarlara əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, Agentlik bu sahədəki fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamı əsasında qurur. Həmin sərəncama uyğun olaraq, cari ilin avqust ayından etibarən Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə həm Bakı şəhərində, həm də respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reydlər keçirilir.
Sədr müavini bildirib ki, hazırda Bakıda qanuni şəkildə fəaliyyət göstərən 22 heyvan kəsimi və ət satışı məntəqəsi mövcuddur ki, bu da paytaxın tələbatını ödəməyə imkan verir. Halbuki bəzi şadlıq evləri heyvan mənşəli məhsulları həmin məntəqlərdən deyil, qeyri-qanuni şəkildə fəaliyyət göstərən obyektlərdən tədarük edərək, beləliklə onların fəaliyyətinə tələbat yaradırlar. Sədr müavini vurğulayıb ki, şadlıq evləri tərəfindən tədarük olunan ət və ət məhsulları mütləq baytarlıq arayışı ilə müşayiət edilməlidir ki, həmin sənədləri də elektron qaydada əldə etmək mümkündür. Fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində qurmayan şadlıq evləri barəsində isə müvafiq tədbirlər görüləcək.
Görüşdə o da vurğulanıb ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir. Qeyd olunub ki, şadlıq evlərində çalışanların əksəriyyəti qida ilə birbaşa təmasda olan işçilərdir. Odur ki, şadlıq evlərinin rəhbərləri bu məsələni xüsusilə diqqətdə saxlamalıdırlar. Həmçinin bildirilib ki, şadlıq evlərində obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanarsa, onların işdən azad olunması üçün müvafiq qaydada tədbirlər görüləcək.
Tədbirdə, müşayiətedici sənədləri olmayan qida məhsullarının (o cümlədən alkoqollu içkilərin), saxta şəkildə markalanmış akoqolsuz içkilərin tədarükünün, yararlılıq müddəti bitmiş məhsullardan istifadənin qadağan olduğu, qida təhlükəsizliyinin mal qonşuluğu, qida zənciri və digər prinsiplərinə əməl edilməsinin vacibliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.
Görüşdə şadlıq evlərinin rəhbərlərinin problemləri də dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.