AQTA dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görür
29 Oktyabr 2021 10:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin bir sıra inzibati ərazi vahidlərində qeydə alınmış yüksək və aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək və aşağı patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və vilayətlərin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar olaraq AQTA tərəfindən İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin məhdudiyyət tətbiq edilən inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasına bütün növ diri quş, quş əti, quşçuluq məhsullarının və damazlıq yumurtanın idxalına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş