AQTA əməkdaşları Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlayıb
16 İyul 2019 17:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Ağdaş rayonu, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib.
Baxış zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.
“Bünaytur”, “Tala”, “Lavizna” əmtəə nişanlı limonadlar istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.
Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu haqda heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qurban bayramı ilə əlaqədar təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
27-28 may tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını genişləndirib. Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Satış və kəsim məntəqələrində yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar vətəndaşlara təqdim ediləcək, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək. Eyni zamanda vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda AQTA ilə razılaşdırılmaqla yerli icra hakimiyyəti orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. Həmin məntəqələrdə qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq nəzarəti altında təşkil ediləcək. AQTA vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri qurban kəsimini dini ayinlərlə yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Heyvan rifahı sağlam və təhlükəsiz qida istehsalının əsas şərtidir
Heyvan mənşəli məhsullar gündəlik qida rasionunda mühüm yer tutur. Ət, süd və digər heyvan mənşəli məhsulların keyfiyyəti isə birbaşa heyvanların sağlamlığı və saxlanılma şəraiti ilə bağlıdır. Heyvanların rifahının qorunması yalnız məhsuldarlığın artırılması deyil, həm də təhlükəsiz qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Heyvan rifahı dedikdə, onların kifayət qədər yem və su ilə təmin olunması, təhlükəsiz və rahat şəraitdə saxlanılması, xəstəlik və stresdən qorunması, eləcə də təbii davranışlarını sərbəst nümayiş etdirə bilməsi nəzərdə tutulur. Sağlam və gümrah heyvanlardan əldə olunan məhsullar daha keyfiyyətli olur və insan sağlamlığı üçün risk yaratmır. Həddindən artıq isti və ya soyuq hava, yüksək səs-küy, hərəkətsizlik, sıx saxlanılma, keyfiyyətsiz yemləmə və kobud rəftar heyvanlarda ciddi stres yaradır. Stres nəticəsində heyvanların immun sistemi zəifləyir, məhsuldarlıq azalır və süd, ət kimi məhsulların keyfiyyətində mənfi dəyişikliklər baş verir. Bundan əlavə, stres heyvanların çoxalma qabiliyyətinə də mənfi təsir göstərir. Heyvanların sıx saxlanılması ciddi problemlər yaradır. Belə şəraitdə yem və su uğrunda rəqabət artır, xəstəliklərin yayılma riski yüksəlir. Nəticədə antibiotiklərdən həddindən artıq istifadə edilir ki, bu da bakteriyalarda antibiotiklərə davamlılığın yaranmasına və məhsullarda antibiotik qalıqlarının toplanmasına səbəb olur. Heyvan rifahı ətin keyfiyyətinə də birbaşa təsir edir. Kəsimdən əvvəl stresə məruz qalan heyvanlarda əzələ toxumasında biokimyəvi proseslər pozulur və nəticədə ətin keyfiyyəti aşağı düşür. Bu səbəbdən heyvanların daşınması və kəsimi zamanı humanist davranmaq, kəsimdən əvvəl isə dincəlmələrini təmin etmək vacib hesab edilir. Təhlükəsiz və keyfiyyətli heyvan mənşəli məhsulların əldə olunması üçün təsərrüfatlarda heyvan rifahı prinsiplərinə ciddi əməl edilməlidir. Heyvanların düzgün bəslənməsi, rahat şəraitdə saxlanılması və stresdən qorunması sağlam məhsul istehsalının əsas şərtlərindəndir. Sağlam heyvan sağlam və təhlükəsiz qidanın təminatıdır.
Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir
Ölkəmizdə 27-28 may tarixlərində müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək. Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir. Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş