AQTA əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
24 May 2019 16:00






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qobustanda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə sahibkarlara heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, bu xəstəliklərin yaranma səbəbləri, onların prafilaktikası və qarşısının alınması yolları, eləcə də Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsində qida zəncirinin ilkin istehsal mərhələsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rolu sahibkarların diqqətinə çatdırılıb.
Tədbirdə təsərrüfat sahiblərinə heyvandarlıq obyektlərinin baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, heyvan xəstəliklərinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl edilməsi ilə bağlı təlimatlar təqdim edilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Heyvan kəsimi məntəqələrində hansı qaydalara əməl olunmalıdır?
Qurban bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it,pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
