AQTA əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
25 İyun 2019 10:45






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici görüş keçirib.
Görüşdə heyvanların saxlanılması və yetişdirilməsi ilə məşğul olan heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Təhlükəsizlik qaydalarına uyğun heyvan mənşəli qida məhsullarının əldə olunması üçün qida zəncirinin ilkin istehsal mərhələsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rolunun önəmi barədə geniş müzakirə aparılıb. Eyni zamanda sahibkarlara heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların istehsalı, emalı, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri izah edilib.
Tədbirdə təsərrüfat sahiblərinə heyvandarlıq obyektlərinin baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, heyvan xəstəliklərinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etməklə baytarlıq və inzibati təsərrüfat tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən təlimatlar təqdim edilib.
Görüşdə eyni zamanda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə baş tutan monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, vəhşi quşlara baxış keçirilir. Həmçinin xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir. Sonda epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bosniya və Herseqovinanın Serb Respublikasında və Niger Respublikasının Niamey regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Serb Respublikasında və Niamey regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

ABŞ-nin bəzi ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya, Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
