AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir
7 May 2024 09:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir. COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Tədbirlər çərçivəsində Agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün təlimlər təşkil edilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirən əməkdaşlar iştirak edir.
Bu çərçivədə AQTA əməkdaşları üçün növbəti onlayn təlim “Qida obyektlərində təmizlik və dezinfeksiya tədbirlərinin planlaşdırılması və tətbiqi, təmizləmə üsulları və prosedurları” mövzusunda olub. Təlimdə iştirakçılara qida obyektlərində təmizlik və dezinfeksiya tədbirləri barədə ətraflı məlumat verilib. Qida məhsulları ilə təmasda olan bütün alət və avadanlıqların çirklənmə hallarının baş verməsini istisna edən materiallardan hazırlanmasının vacib olduğu vurğulanıb. Belə alət və avadanlıqların təmiz saxlanılmasının və dezinfeksiya edilməsinin zəruriliyi önə çəkilib. Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti qeyd edilib.
Təlim zamanı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
COP29 çərçivəsində qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir
Ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Agentliyin əməkdaşları bu ilin aprel ayından COP29 başlayanadək olan dövrdə Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə, ümumilikdə 48 keytrinq xidməti ilə məşğul olan obyektdə, 350 hoteldə və qonaqlar üçün nəzərdə tutulan əlavə 11 rezidensiyada qiymətləndirmə aparıb. Qiymətləndirmə çərçivəsində aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Təkrar qiymətləndirmələr zamanı isə uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edilib. Həmçinin qeyd olunan dövrdə 1514-ü ticarət, 5272-si ictimai iaşə olmaqla, ümumilikdə 6786 müəssisədə monitorinq aparılıb. Eyni zamanda ümumilikdə 1107 olmaqla, hotellərin ətrafında yerləşən 845 və metro stansiyalarının yanındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Bu nəzarət tədbirləri çərçivəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması Agentliyin əməkdaşlarının müvafiq tövsiyələri əsasında təmin edilib. AQTA-nın nəzarət tədbirləri COP29 başlayandan sonra da davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən Bakı Olimpiya Stadionunun qidaların hazırlanması, qəbulu və satışı həyata keçirilən sahələrində mütəmadi nəzarət tədbirləri görülür, məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Həmçinin qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizalara cəlb olunur. Eyni zamanda operativ nəticələr əldə etməkdən ötrü stadionun ərazisində yerləşdirilmiş İnstitutun 2 mobil laboratoriyasında ekspres üsullarla müvafiq analizlər aparılır. Bundan başqa, Agentliyin əməkdaşları rezidensiyalarda, həmçinin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən hotellərdə mütəmadi monitorinqlər keçirir. Eləcə də ictimai iaşə müəssisələrində, o cümlədən metro stansiyalarının ətrafındakı obyektlərdə gündəlik nəzarət tədbirlərini həyata keçirir. Artıq bu çərçivədə 572 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Nəzarət tədbirləri zamanı aşkarlanan müəyyən nöqsanların Agentliyin əməkdaşlarının tövsiyələri əsasında müəssisələrin məsul şəxsləri tərəfindən dərhal aradan qaldırılması təmin olunur.
AQTA 350 hotelin qidalanma blokunda yoxlama aparıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində AQTA tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə aparılan bir sıra hotellərin qida blokunda qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir. Bundan başqa, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Bakıda COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib
Cari ilin noyabrında Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium keçirilib.