AQTA əməkdaşlarına təlim keçirilib
4 Oktyabr 2023 09:40
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan bir sıra əməkdaşlara Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
Oxşar xəbərlər
HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirləri davam etdirir. Bu çərçivədə AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Tabia Group” MMC-nin əməkdaşları üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim təşkil olunub və onlara məsləhət xidmətləri göstərilib. İştirakçılara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb. Eləcə də iştirakçılara müvafiq məsləhətlər verilib, onların sualları cavablandırılıb. Qeyd edək ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən HACCP və digər mövzularda həyata keçirilən təlim və məsləhət xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Türkiyəli ekspertlərlə pestisidlərə dair müzakirələr aparılıb
Bitki mühafizə vasitələrinin (pestisidlərin) qeydiyyatı və dövriyyəsinin izlənilməsi üzrə Türkiyədən olan ekspertlər Meltem Büyükyavuz və Cem Ərdoğan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Görüşlərdə respublikamızda bitki mühafizə vasitələrinin qeydiyyatı və idxalı ilə bağlı prosedurlar, həmçinin pestisidlərin istehsalı və dövriyyəsinə nəzarət tədbirləri nəzərdən keçirilib. Türkiyədə həyata keçirilən analoji prosedurlar diqqətə çatdırılıb. Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb. Qonaqlar pestisidlərin qeydiyyatı zamanı dövlət sınağının aparılmasına dair iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına da baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Türkiyədən olan ekspertlər AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlıq etdiyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Səfər ölkəmizdə pestisidlərin dövlət qeydiyyatına alınması prosesinin və dövriyyəsinə nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb. Türkiyədən olan ekspertlər AQTA və AQTİ ilə yanaşı, pestisidlərin qeydiyyatı və dövriyyəsi ilə əlaqədar digər müvafiq qurumlarda da görüşlər keçiriblər.