AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
17 Avqust 2022 09:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:
1. “A+ Co” ASC tərəfindən istehsal edilən “Pit bull” – enerji içkisi deyil;
2. АО МПБК “Очаково” tərəfindən istehsal edilən “Mohito Fresh” – enerji içkisi deyil;
3. “OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;
4. “Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) – enerji içkisi deyil;
5. “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar” – enerji içkisi deyil;
6. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” (moxito) – enerji içkisi deyil;
7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” – enerji içkisi deyil;
8. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” – enerji içkisi deyil;
9. “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” – enerji içkisi deyil;
10. “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” - “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;
11. “A+ Co” ASC tərəfindən istehsal edilən “Full orijinal yeni nəsil” – “Full energy” istisna olmaqla, enerji içkisi deyil;
12. “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” – enerji içkisi deyil.
Qeyd edək ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.
Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Bildiririk ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
AQTA istehlakçılara bildirir ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.
Oxşar xəbərlər
“Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi - VİDEO
Hər gün alış-veriş etdiyimiz bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik? Məhsulların saxlanması, daşınması və satışı zamanı hansı tələblərə əməl olunmalıdır? “Qidanın Nəbzi” podkastının növbəti buraxılışında təhlükəsiz ərzaq bazarının əsas şərtlərindən, sahibkar və istehlakçıların məsuliyyətindən danışırıq.
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Giriş