AQTA epizootik vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırır
23 Yanvar 2021 16:08
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən daxil olan məlumatlara əsasən cari mövsümdə dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini artırır ki, bunun qarşısının alınması üçün vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:
- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003-Çağrı Mərkəzi” və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s.
Bununla əlaqədar olaraq, AQTA vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat verməyə çağırır.
Oxşar xəbərlər
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq. Monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq. Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək. Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
AQTA-da heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi məntəqələrinin fəaliyyəti, baytarlıq nəzarətinin gücləndirilməsi və ət məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlar və baytar həkimlərin iştirakı ilə görüş keçirilib. Görüşdə kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkili, heyvanların identifikasiyası, kəsim əməliyyatlarının AQTİS-də qeydiyyatı və ətin dövriyyəsində izlənəbilənliyin təmin edilməsi məsələləri müzakirə olunub. Kəsim məntəqələrində aparılmış qiymətləndirmələrin nəticələri də müzakirə edilib. Bəzi məntəqələrdə baytarlıq-sanitariya və digər tələblərlə bağlı nöqsanların aşkarlandığı bildirilib, sahibkarlara çatışmazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması tövsiyə edilib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, kəsim məntəqələrinin sahibləri baytar həkimləri özləri seçə, həmçinin AQTİ tərəfindən cəlb edilən mütəxəssislərlə yanaşı, əlavə baytar həkimlər də iştirak edə bilər. Bu dəyişiklik kəsim prosesində baytarlıq nəzarətinin operativliyinin və səmərəliliyinin artırılmasına xidmət edir. Diqqətə çatdırılıb ki, heyvanların identifikasiyası onların mənşəyinin və hərəkətinin izlənilməsi, xəstəlik risklərinin vaxtında müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəsimdən sonra müvafiq məlumatlar AQTİS-də qeydiyyata alınmalıdır. Eyni zamanda, kəsim məntəqələrindən restoranlara, şadlıq evlərinə və digər ictimai iaşə obyektlərinə göndərilən ət məhsullarının müşayiətedici sənədlərlə təmin olunması diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, qanunsuz heyvan kəsimi hallarına qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyi vurğulanıb. Qanunvericiliyin tələblərini pozan, aşkar edilmiş nöqsanları aradan qaldırmayan sahibkarlar barəsində müvafiq inzibati tədbirlər görüləcəyi bildirilib. Qeyd olunub ki, heyvan kəsimi məntəqələrində tələblərə əməl olunması, baytarlıq nəzarətinin düzgün təşkili və ətin mənşəyinin izlənilməsi istehlakçı sağlamlığının və qida təhlükəsizliyinin qorunmasının əsas şərtlərindəndir.
Giriş