AQTA heyvan satışı bazarlarında monitorinqlər aparır
3 Aprel 2024 09:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər həyata keçirilir.
Ümumilikdə respublikada müntəzəm şəkildə fəaliyyət göstərən 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub. Bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması və ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmaması halları və sair nöqsanlar aşkar edilib.
Qiymətləndirmənin nəticələrinə görə, monitorinqə cəlb edilən Abşeron, Ağsu, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, İmişli, Masallı, Qəbələ, Salyan, Şamaxı və Zaqatala rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarında ərazinin hasarla sərhədlənməsi təmin edilsə də, bir sıra ciddi çatışmazlıqlar müəyyən olunub. Belə ki, bazarlarda mütəmadi olaraq təmizləmə və dezinfeksiya işlərinin aparılmaması, bazarlara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması kimi nöqsanlar aşkar edilib.
Agentliyin apardığı monitorinqlər zamanı Ağcabədi, Ağdaş, Binəqədi, Beyləqan, Gədəbəy, Göyçay, Sabirabad, Şəki, Tovuz və Xaçmaz rayon və şəhər ərazilərində fəaliyyət göstərən heyvan satışı bazarlarında daha ciddi nöqsanlar aşkarlanıb. Bu bazarların ərazisinin sərhədlənməsi primitiv üsullarla, yəni xəndək qazmaqla və ya məftil hasar çəkməklə təşkil edilib ki, bu da qapalılıq rejiminin qorunmasını təmin etmir. Habelə qazılmış xəndəklərə toplanmış yağış suları tullantılarla zibillənərək antisanitar vəziyyətin yaranmasına səbəb olur. Nəzarət tədbirləri zamanı bazarlarda heyvanların daşınmasının müvafiq təlimatlara uyğun yerinə yetirilmədiyi, ərazidə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin görülmədiyi aşkarlanıb. Bundan başqa, satış üçün bu bazarlarda uyğun şəraitin yaradılmadığı, baytar həkimin nəzarətinin təmin edilmədiyi və digər nöqsanlar da qeydə alınıb.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən ciddi tədbirlərin görülməsi təmin ediləcək. Belə ki, respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Göstərilənlər nəzərə alınaraq, bazar rəhbərlərinə məktublar ünvanlanıb, mövcud nöqsanların aradan qaldırılması üçün müddət təyin edilib və müvafiq təlimatlar təqdim olunub. Görüləcək tədbirlər sırasında həmçinin bazarların “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürülməsi, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsinin təmin edilməsi işləri həyata keçiriləcək. Hazırda Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək. Bu sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də istehlakçılar onları maraqlandıran suallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Oxşar xəbərlər

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.