AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib
20 İyul 2023 14:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət olunub.
Müraciətdə bildirilib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olan qida subyektləri müvafiq qaydada qeydiyyata alınmalıdır. Belə obyektlərin qeydiyyata alınmadan və ya təsdiq edilmədən qida sahəsində fəaliyyət göstərməsi qadağandır. Həmçinin qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları ilkin və dövri tibbi müayinələrdən keçirilməlidir. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Lakin Agentlik tərəfindən aparılan nəzarət tədbirləri zamanı bir sıra daşıma və çatdırılma fəaliyyəti ilə məşğul olan qida subyektlərinin və ya onların müqavilə bağladığı daşıyıcı şəxslərin qida sahəsində qeydiyyata alınmadan qanunsuz fəaliyyət göstərdiyi, eləcə də daşımaları həyata keçirən işçilərin tibbi müayinədən keçmədiyi aşkar edilib. Eyni zamanda, həmin daşıyıcılar tərəfindən qida məhsullarının daşınması zamanı temperatur rejiminə əməl olunmadığı, soyuq zəncir və mal qonşuluğu prinsiplərinin pozulması halları müəyyən edilib.
AQTA bildirir ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan şəxslərin qida ilə təmasda olması insanlarda müxtəlif infeksion və dəri-zöhrəvi xəstəliklərin baş verməsinə, həmçinin qida məhsullarında temperatur rejiminin və mal qonşuluğunun gözlənilməməsi həmin məhsullarda patogen mikroorqanizmlərin sürətlə yayılmasına, kütləvi qida zəhərlənmələrinin və digər mədə-bağırsaq infeksiyalarının baş verməsinə səbəb ola bilər. Qeyd edilən pozuntular nəticəsində istehlakçılarda hər hansı qida zəhərlənmələrinə, həyat və sağlamlığa yarana biləcək təhlükələrə görə birbaşa məsuliyyəti isə iaşə obyektlərinin rəhbərləri daşıyacaq.
Agentlik bəyan edir ki, insanların həyat və sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması məqsədilə qida obyektlərində istehsal və ya emal edilən qidaların daşınması və istehlakçılara çatdırılması yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri (obyektləri) tərəfindən həyata keçirilməlidir. Qida sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə və istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərinə əməl olunmamasına görə isə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, eləcə də qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarına, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi AQTA-nın səlahiyyətlərinə aiddir.
Oxşar xəbərlər
Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub. Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub. Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib. Yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Giriş