AQTA işğaldan azad edilmiş ərazilərdə növbəti epizootoloji monitorinqlərə başlayıb
7 Avqust 2023 14:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə respublika ərazisində müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqləri davam etdirir.
Belə ki, bu gündən işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Laçın və Kəlbəcər rayonlarının ərazisindəki heyvandarlıq təsərrüfatlarında epizootoloji monitorinqlərə start verilib. Monitorinqlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir. Monitorinqlər zamanı heyvanlardan götürüləcək diaqnostik nümunələrin müayinələri “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”nda nəzərdə tutulan xəstəliklər üzrə aparılacaq.
Monitorinqlərdə AQTA-nın, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və tabeliyində olan idarələrin mütəxəssisləri iştirak edir.
Avqustun 11-də başa çatacaq monitorinqlər çərçivəsində əldə olunacaq epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Eyni zamanda götürülmüş, nümunələr müvafiq müayinələrin aparılması məqsədilə AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.
Qeyd edək ki, 14-18 avqust tarixlərində Bakı və Mingəçevir şəhərlərindəki, eləcə də Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Bərdə, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Astara və Xaçmaz rayonlarındakı balıqçılıq, 21-25 avqust tarixlərində isə Qusar, İsmayıllı, Daşkəsən, Qax, Şəki, Lerik, Astara, Laçın və Kəlbəcər rayonlarındakı arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi və laborator nümunələrin götürülməsi nəzərdə tutulub. Bu monitorinqlərin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilən, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların və arıların infeksion və invazion xəstəliklərinə qarşı aparılması planlaşdırılıb.
Oxşar xəbərlər
İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, epizootoloji vəziyyətin qiymətləndirilməsi və bioloji təhlükəsizliyin təmin olunması məqsədilə kompleks tədbirlər davam etdirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) tələblərinə uyğun olaraq, ölkənin xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması, dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə, “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”na və 2026-cı il üzrə epizootiya əleyhinə Tədbirlər Planına əsasən, 2026-cı ilin 13-17 və 20-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlara klinik baxış keçiriləcək, laborator müayinələrin aparılması məqsədilə hər növ üzrə 6-12 və 12-24 ay yaş qruplarına aid (son 4 ay ərzində brusellyoz xəstəliyinə qarşı peyvənd olunmamış) heyvanlardan diaqnostik nümunələr götürüləcək. Bununla yanaşı, arı ailələri və atlardan da müvafiq nümunələrin götürülməsi həyata keçiriləcək. Tədbirlər zamanı təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək, epizootoloji vəziyyətə dair məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, həmçinin işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər. Götürülən diaqnostik nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Monitorinqlər çərçivəsində əldə olunan epizootoloji vəziyyət və nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək. Həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə müasir baytarlıq xidmətlərinin təşkili, heyvanların identikləşdirilməsi, xəstəliklərdən azad zonaların yaradılması və heyvandarlığın inkişafının təmin edilməsinə mühüm töhfə verəcək.
Zoonoz xəstəliklər – insan və heyvan sağlamlığı üçün təhlükə
Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: • xəstə heyvanla birbaşa təmasla; • çirklənmiş qida və su vasitəsilə; • hava-damcı (aerogen) yolu ilə; • gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!
Heyvanların identifikasiyası heyvan sağlamlığının əsasını təşkil edir - VİDEOÇARX
Ölkəmizdə heyvanların identifikasiyası prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. İndiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib. İdentifikasiya heyvanların mənşəyinin və hərəkətinin izlənilməsinə, peyvəndləmə, müalicə və digər baytarlıq tədbirlərinin dəqiq uçotunun aparılmasına xidmət edir. Həmçinin xəstəliklərin erkən aşkarlanmasına və yayılmasının qarşısının alınmasına, “Fermadan süfrəyə” prinsipi əsasında qida təhlükəsizliyinin təmin edilməsinə, heyvandarlıq təsərrüfatlarında idarəetmənin təkmilləşdirilməsinə və məhsuldarlığın artırılmasına, eləcə də itmiş və ya oğurlanmış heyvanların yerinin asan müəyyən edilməsinə imkan yaradır. Heyvanların identifikasiyası sağlam heyvandarlığın inkişafı, təhlükəsiz qida zəncirinin və dayanıqlı kənd təsərrüfatının təmin olunmasının vacib elementlərindən biridir. İdentikləşmiş heyvan – sağlam sürü, təhlükəsiz qida deməkdir! Videoçarxın linki:
Giriş