AQTA magistr təhsili almaq üçün qəbul olunmuş şəxslərə müraciət edir
15 İyul 2019 14:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cumhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir. Müsahibə nəticəsinə uyğun olaraq, namizəd ilə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.
Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını tural.alizada@afsa.gov.az elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Əlaqə nömrəsi: (012) 565-12-82 (155, 525)
Oxşar xəbərlər
Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinq keçiriləcək
Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirləri davam etdirilir. 2025-ci ilin 17-28 fevral tarixlərində respublikanın 51 rayonunun (şəhərinin) 374 yaşayış məntəqəsində fəaliyyət göstərən 20 başdan yuxarı südlük istiqamətli iribuynuzlu (süd verən) heyvanların saxlandığı 754 fərdi və fermer təsərrüfatlarında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində 3770 baş süd verən iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılacaq, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq barədə məlumatlar müvafiq sistemə daxil olunacaq.\\Qeyd edək ki, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir. Ona görə də istehlakçılar bu cür məhsulları seçərkən daha diqqətli olmalıdırlar
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Crete adasında xırdabuynuzlu heyvanların çiçək, Polşa Respublikasının Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
2025-ci ilin 10-14 fevral tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq. Məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.