AQTA meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar üçün onlayn iclas keçirib
13 İyul 2020 17:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün onlayn iclas keçirib. İclasda 60-dan çox istehsalçı və ixracatçı ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri Seymur Mövlayev və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyasının sədri Bəşir Quliyev də iştirak edib.
Agentliyin Bitki sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova iştirakçılara ölkənin fitosanitar vəziyyəti, istehsal və ixrac olunan məhsullar, istixanalarda becərilən tərəvəzlər, ölkələrin ixrac olunan məhsullara fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən məhvedici tədbirlər, fitosanitar sertifikatların verilməsi qaydaları barədə məlumat verib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında, eləcə də imicinin qorunmasında sahibkarların rol oynadığını qeyd edib. Artıq istixanalarda mövsümi olaraq məhsul yığımının başa çatdığı, sağlamlaşdırıcı tədbirlər üçün şərait yarandığı və hər bir sahibkar tərəfindən bu kimi məsələlərə diqqətlə və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.
Sahibkarlara verilən dəstək və təlimatlar əsasında işlər daha səmərəli qurdulduğundan istehsal və ixracda yüksək nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Digər ölkələrdən müasir cihaz və avadanlıqların alınaraq ölkəyə gətirildiyi, yüksək keyfiyyətli preparatlarla xidmətlərin həyata keçirildiyi, bu sahədə baş verən yeniliklərə dair bilik və bacarıqlarının artırılması məqsədilə mütəxəssislərin ötən il bir sıra ölkələrə ezam olunduğu barədə məlumat verilib. Hazırda istehsal və saxlanma sahələri, dənli və paxlalı bitkilərlə yanaşı, yaş meyvə tərəvəz məhsullarının zərərli orqanizmlərinin zərərsizləşdirilməsində də nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb.
Sonra müzakirələr aparılıb və təkliflər dinlənilib.
Oxşar xəbərlər

Ölkə ərazisində fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.

Bərdədə satış mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Bayramov Ərşad Üzeyir oğluna məxsus pestisid, aqrokimyəvi maddə və toxum satışı mağazasında yoxlama keçirib. Baxış zamanı yararlılıq müddəti bitmiş toxum və herbisid aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Qızılı kartof nematodu nədir?
Nematodlar – torpaqda yaşayan mikroskopik qurdlardır və onların bəzi növləri kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab olunur. Bu zərərli orqanizmlər bitkilərin kök sisteminə daxil olaraq qidalanmanı və inkişafı pozur, nəticədə məhsuldarlıq azalır. Nematodlarla yoluxmuş sahələrdə məhsul itkisi, əlavə mübarizə xərcləri və torpağın keyfiyyətinin zəifləməsi müşahidə edilir. Nematodlar arasında ən təhlükəli növlərdən biri olan Qızılı kartof nematodu (Globodera rostochiensis (Woll.) Behrens) kartof əkini üçün xüsusi risk daşıyır. Bu nematod torpaqda uzun müddət aktiv qala bilir və bitkinin kök zonasına yerləşərək onun normal inkişafını zəiflədir. Yoluxmuş sahələrdə kartof bitkilərinin inkişafında zəifləmə, yarpaqlarda solma, yumruların say və ölçüsündə azalma və məhsulun bazar keyfiyyətində nəzərəçarpacaq enmə müşahidə olunur. Qızılı kartof nematodu birbaşa kartof yumrusuna daxil olmur. Lakin kök, kökə bitişik torpaq, həmçinin yumru səthinə yapışmış torpaq vasitəsilə bir sahədən digərinə yayıla bilər. Buna görə də onun aşkarlanması üçün vizual baxış kifayət etmir, bitkinin kökü və torpaq nümunələrinin laborator analizləri tələb olunur. Bu zərərli orqanizm “Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər” (A2 qrupu) siyahısına daxildir və yayılmasının qarşısı dövlət fitosanitar nəzarəti tədbirləri çərçivəsində alınır. AQTA kartof istehsalçılarına və təsərrüfat subyektlərinə fitosanitar tələblərə ciddi əməl etməyi tövsiyə edir: • Yalnız sertifikatlaşdırılmış, sağlam və nematoddan azad toxum materialı istifadə edilməlidir; • Kənd təsərrüfatı texnikası bir sahədən digərinə keçirilərkən üzərindəki torpaq və bitki qalıqları təmizlənməli, zəruri hallarda isə yuyulmalıdır; • Növbəli əkin sisteminə riayət olunmalı, kartof eyni sahədə ardıcıl şəkildə əkilməməlidir; • Şübhəli hal müşahidə edildikdə, AQTİ-nin müvafiq laboratoriyasına müraciət edilməlidir. Bu kimi tədbirlərə əməl edilməklə həm kartof istehsalının qorunmasına, həm də ölkənin fitosanitar təhlükəsizliyinin təmin edilməsinə töhfə verilə bilər.