AQTA-nın heyvan və heyvan mənşəli məhsullar idxal edən sahibkarlara MÜRACİƏTİ:
6 Fevral 2020 10:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı sahibkarlara müraciət edir.
Bildirilir ki, dünyada yayılan koronavirus epidemiyası və yüksək patogen quş qripi epizootiyası nəzərə alınmaqla Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçmişdir. Həmçinin koronavirus epidemiyası və quş qripi epizootiyası ölkəmizin bioloji təhlükəsizliyinin qorunmasında sahibkarların və vətəndaşların üzərinə müəyyən məsuliyyət və öhdəliklər qoyur.
Bütün bunları nəzərə alaraq, Agentlik ölkəmizə heyvan və heyvan mənşəli məhsulların idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara bildirir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl Agentlik və ya onun regional bölmələri vasitəsilə sözügedən məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar. Sahibkarlar idxal tələblərini Agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilər. Həmçinin dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə isə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür.
Sahibkarların nəzərinə çatdırılır ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti AQTA və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.
Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş