AQTA-nın nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub
19 Oktyabr 2022 15:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti 12-13 oktyabr tarixlərində Avstriya Respublikasında işgüzar səfərdə olub.
Agentliyin sədr müavini Zəkiyyə Mustafayevanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikingerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən tədbirlər barədə geniş məlumat verilib. Həmçinin Avstriya Respublikasında risklərin və böhran vəziyyətlərin idarə edilməsi mexanizmi, dövriyyəyə buraxılan bitki mühafizə vasitələrinin əsas təsiredici maddələrindən başqa, preparatın tərkibindəki digər köməkçi komponentlər üzərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri müzakirə olunub. Eləcə də GMO yemlərin, qida, bioloji fəallığa malik qida və yem əlavələrinin, qablaşdırılmış təbii mineral suların, yeni növ qida məhsullarının Avropa İttifaqında təsdiqindən sonra Avstriya Respublikasında ölkədaxili qeydiyyata alınması və bununla bağlı prosedur qaydaları üzrə gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər qida təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətlərini bəyan ediblər.
Agentliyin nümayəndə heyəti ilə Avstriya Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun nümayəndə heyəti arasında da görüş keçirilib. Görüş zamanı hər iki ölkənin qida təhlükəsizliyi institutları barədə məlumat verilib. Eyni zamanda, risk qiymətləndirilməsi və qida məhsullarında müxtəlif növ baytarlıq preparatları ilə farmakoloji aktiv maddələrin qalıqlarının təyini sınaqlarının aparılması üzrə Avstriya təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb. AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların faəliyyəti ilə yaxından tanış olub. Həmçinin qida təhlükəsizliyinə dair normativ texniki hüquqi aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, risklərin və böhran vəziyyətlərin idarəedilməsi ilə bağlı Avstriya təcrübəsinin öyrənilməsi, qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
AQTA-nın nümayəndə heyəti Avstriya Respublikasının İstehlakçıların Sağlamlığı üzrə Federal İdarəsində də görüş keçirib. Görüşdə Azərbaycanda ixrac potensialı yüksək olan təzə meyvə və tərəvəzin, eləcə də heyvan mənşəli məhsulların Avropa bazarına çıxarılması üçün Avstriyanın bitki sağlamlığı, baytarlıq və qida təhlükəsizliyi sahəsindəki şərtlərinin, həmçinin ölkəmizin bu sahə ilə bağlı idxal tələblərinin tətbiqi zamanı qarşıya çıxa biləcək məsələlər müzakirə olunub. Eyni zamanda, gələcəkdə Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən subyektlərin təsdiq sisteminin ekvivalentliyinin tanınması, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq nəzarəti üzrə gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Giriş