AQTA-nın nümayəndə heyəti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq təşkilatının regional işgüzar görüşündə iştirak edib
25 Dekabr 2018 00:00
Qazaxıstanın Astana şəhərində Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) üzv dövlətlərində beynəlxalq qida təhlükəsizliyi standartları üzrə regional işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti iştirak edib.
Üç gün davam edən tədbirin ilk günündə ictimai sağlamlıq üçün qida təhlükəsizliyi və kənd təsərrüfatı ərzaq məhsullarında ticarətin asanlaşdırılmasına dair CAREC üzv dövlətlərinə dəstək göstərilməsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) birgə təşəbbüslərində nüvə və izotop texnikası haqqında ümumi məlumat, CAREC üzv-dövlətlərində qida təhlükəsizliyinə nəzarət tədbirlərinin gücləndirilməsi, eləcə də sanitar-fitosanitar tədbirlərə, standartlara və ticarətin inkişafına dair məlumatlar görüş iştirakçılarına təqdim olunub.
Tədbirin ikinci günü laboratoriyaların inkişafı və Kodeks Alimentarius Komissiyasının Ölkələr üzrə Milli Əlaqələndiricilərinin iştirakı ilə “Qida təhlükəsizliyi tənzimləmələri” mövzusunda “Dəyirmi masa” təşkil olunub, həmçinin “Mərkəzi Asiya regionu üzrə ticarət və iş fəaliyyəti” mövzusunda çıxışlar təqdim olunub.
Tədbirin son günü “Qiymət zəncirində maraqlı tərəflərin təlimlərinin prioritetləşdirilməsi, ictimai təhlükəsizlik üçün regional qida təhlükəsizliyi standartlarını gücləndirmək və beynəlxalq ticarətin asanlaşdırılması” mövzusunda təqdimatlar aparılmış, habelə, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə üzv dövlətlərinin qida təhlükəsizliyi şəbəkəsinin, eləcə də “11 ölkə üzrə texniki komitələrin yaradılması”, “Regional ekspert qrupları və risk analizi qruplarının rolları” mövzularında müzakirələr aparılıb.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Dünyada son epizootik vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.