AQTA-nın nümayəndə heyəti ÜHST-nin baş direktoru Monika Elua ilə görüşüb
6 Oktyabr 2022 15:04
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyaya işgüzar səfəri çərçivəsində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) baş direktoru Monik Elua ilə görüşüb.
Görüşdə ÜHST-nin baş direktoru Monika Elua Azərbaycanda heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən baytarlıq sistemində beynəlxalq standartların təmin olunması ilə bağlı görülən işləri yüksək dəyərləndirərək birgə fəaliyyətin qarşıdakı illərdə də öz töhfəsini verəcəyinə əminliyini bildirib. Baş direktor respublikamızın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusunun təsdiqlənməsi ilə bağlı ÜHST-ə təqdim edilmiş hesabatın təşkilatın aidiyyatı qurumlarında baxıldığını diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən AQTA-nın sədr müavini Rəşad Mafusov Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazisində dabaq xəstəliyindən azad zonanın yaradılması təşəbbüsü barədə məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişaf etdirilməsi üçün əlverişli potensiala malikdir. Hazırda bu ərazilərdə geniş quruculuq işlərinin aparıldığını diqqətə çatdıran AQTA-nın sədr müavini bildirib ki, burada ciddi nəzarət mexanizmləri tətbiq olunur və sözügedən ərazidə azad zonanın daha sürətlə formalaşdırılması qarşıya məqsəd kimi qoyulub.
Müzakirələr zamanı quduzluq, nodulyar dermatit, dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəliyinin respublikamız üçün aktual olduğu vurğulanıb.
Səfər çərçivəsində ÜHST-nin təşkilatçılığı ilə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən mövzularda beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi barədə təklif Monik Elua tərəfindən razılıqla qarşılanıb və bu istiqamətdə işlərin aparılacağını bildirib.
Oxşar xəbərlər
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş