AQTA qida təhlükəsizliyi sahəsində görülən işlərə və yeni qanundan irəli gələn tələblərə dair mətbuat konfransı keçirib
27 Oktyabr 2022 15:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkədə qida təhlükəsizliyi ilə əlaqədar görülən işlərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərə həsr olunan mətbuat konfransı təşkil edilib.
Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 2021-ci il üzrə Dövlət Proqramının icra vəziyyəti qiymətləndirməsinə əsasən, Dövlət Proqramı ümumilikdə 43 faiz icra edilib, gözlənilən təsir indikatorları üzrə ötən dövrdə 100 faizlik nəticə əldə edilib. AQTA sədri “Qida təhlükəsizliyi haqqında” Qanunun qəbulunun Dövlət Proqramında nəzərdə tutulan bir sıra tədbirlərin icrası üçün hüquqi əsas yaratmaqla, həmin tədbirlərin icrasını sürətləndirəcəyini vurğulayıb.
Q.Təhməzli 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bir sıra yenilikləri də açıqlayıb. Bildirib ki, yanvarın 1-dən təsdiqi tələb olunan xarici qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq olunduqdan sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzilərinki isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Həmçinin bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Yeni qanunun tələblərinə əsasən, qida ilə təmasda olan material və məmulatlara da idxal sağlamlıq aktının alınması tələb ediləcək. Həmçinin özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçəcək və bundan sonra onların nəticələri qəbul ediləcək.
Eyni zamanda, “Qida təhlükəsizliyi haqqında” Qanunda bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yeni tələblərin müəyyənləşməsinə toxunan AQTA sədri vurğulayıb ki, yanvarın 1-dən belə məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunacaq. Bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarət gücləndiriləcək və tibbi reseptlərdə belə məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.
Q.Təhməzli çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə respublikanın bir sıra bölgələrində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin tikintisinə başlanılıb. “Qida təhlükəsizliyi haqqında” Qanunda belə məntəqələrin yaradılması ilə bağlı hüquqi baza nəzərdə tutulub. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr tarixli Fərmanı ilə Agentliyin ştat vahidinin artırılması qida təhlükəsizliyinə nəzarət məntəqələrinin fəaliyyəti üçün tələb olunan ştatların da təmin olunmasına imkan verəcək.
AQTA sədri həmçinin vurğulayıb ki, bu ilin 9 ayında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb, 131 müəssisənin tam sağlamlaşdırılması təmin edilib. Eləcə də qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində, ümumilikdə 115 baş, 1972 ton, 297146 litr və 37902 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsulların məhv edilməsi, 20 ton məhsulun utilizasiyası təmin olunub.
Q.Təhməzli çıxışı zamanı bir sıra istiqamətlərdə qida təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərinin gücləndirdiyini diqqətə çatdırıb. Bildirib ki, ötən 9 ayda markalanmasında ciddi pozuntular olan 2 enerji içkisinin geri çağrılması, 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb. Ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib. Görülmüş tədbirlərin nəticəsi olaraq, ümumilikdə müəssisələr tərəfindən 1097 kq şəkər tozu və qənd məhsulu geri çağırılıb və bundan 547 kq məhsul məhv edilib. Anbarda olan 5309 kq məhsulun yenidən emalı təmin olunub. Aparılan yoxlamalar zamanı 80 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 593 nəfər işçinin müvəqqəti işdən kənarlaşdırılması təmin edilib.
AQTA sədri qeyd edib ki, heyvanların identikləşdirilməsi və qeydiyyatı sisteminin tətbiqi nəticəsində ötən 9 ayda Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 42405 baş iribuynuzlu heyvan identikləşdirilərək elektron sistemə daxil edilib. Artıq identikləşdirmə işlərinin digər regionlarda da aparılması üçün hazırlıq işləri görülür. Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlərdən də danışan Q.Təhməzli bildirib ki, müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb.
AQTA sədri həmçinin bildirib ki, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində idxal-ixrac əməliyyatları prosesində 3620 ton və 20460 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid məhsul barədə zərərsizləşdirilmə, məhv edilmə, geri qaytarılma və ya utilizasiyaya dair qərarlar qəbul olunub. Məhv edilmiş məhsulların siyahısına 1760 kq dənli-paxlalı bitkilər, 171 ton meyvə və tərəvəz, 66 ton əkin-səpin materialları, 340 kq unlu qənnadı məmulatları, 5 107 kq müxtəlif qida məhsulları və 29 405 ədəd bioloji fəallığa malik qida əlavələri daxildir. Ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar edilən karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə isə 104 bildiriş göndərilib. Pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda və satışı yerlərində aparılmış monitorinqlərdə 155 saxlama yerində ciddi nöqsanlar aşkarlanıb, 7 məhsul nümunədə etiketdə göstərilən tərkib göstəriciləri ilə uyğunsuzluq təşkil edib, 11 məhsulun dövlət qeydiyyatı olmadan satılması müəyyən edilib. Qeydiyyatı olmayan 2 məhsulun tərkibində təsiredici maddə aşkarlanmayıb.
Q.Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalar barədə də məlumat verib. Bildirib ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində laboratoriyalara ümumilikdə, 56374 müraciət daxil olub və 1810342 nümunə müayinələrə cəlb edilib. Daxil olmuş nümunələrdə 1894340 müayinə aparılıb. Nümunələrdə aparılmış müayinələrin 5800-da və ya 0.31 faizində uyğunsuzluqlar aşkarlanıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.