AQTA: Qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq olunmayıb
16 Aprel 2020 10:29
Ümumdünya Ticarət Təşkilatı (ÜTT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar ərzaq məhsullarının ticarəti ilə bağlı 31 mart 2020-ci il tarixdə birgə bəyanat imzalamışdır. Bəyanatda qida təhlükəsizliyinə dair əsaslandırılmamış fikirlərlə bağlı ölkələrin ərzaq məhsullarının ticarəti üzrə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyəti azaltmaq, ümumilikdə həmin məhsulların xarici bazarlarda dövriyyəsi məqsədilə məhdudiyyət tətbiq etməmək tövsiyə olunmuşdur. Bundan əlavə, 30 mart tarixində G20 ölkələrinin ticarət üzrə nazirləri tərəfindən verilmiş bəyanatda COVID-19 ilə mübarizə üçün qabaqlayıcı lazımi tədbirlərin vacibliyi ilə yanaşı, ticarətdə zəruri olmayan maneələrin yaranmaması, qlobal təchizat zəncirinin pozulmaması və ÜTT qaydalarına uyğunluğu əksini tapmışdır.
Onu da qeyd edək ki, Avropa Qida Təhlükəsizliyi Qurumu tərəfindən verilən məlumata əsasən, qida və kənd təsərrüfatı məhsullarının COVID-19 virusunun mənbəyi olmasında və ya ötürülməsində hər hansı roluna dair heç bir dəlilə rast gəlinməyib. Bu səbəbdən Avropa İttifaqı heyvan, bitki və onlardan əldə olunan məhsullara heç bir ticarət məhdudiyyətinin qoyulmadığını bəyan etmişdir. Belə məhdudiyyətlərin genişləndirilməsinin ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən, xüsusilə pandemiyadan əziyyət çəkən ölkələrə mənfi təsirləri ola biləcəyi qeyd olunmuşdur.
Qeyd edək ki, hazırda ölkəmizin xarici dövlətlərlə bir çox sahələrdə, eyni zamanda ticarət sahəsində sıx münasibətləri mövcuddur. İdxal-ixrac əməliyyatlarının istər həcminə, istərsə də əmtəə strukturuna əsasən dünyanın əksər ölkələrilə geniş ticarət münasibətləri qurulub. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq tədbirlər görülür. Əhalinin qida məhsulları ilə təchizatında sahibkarların səmərəli fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq edilməmişdir və onlar qanunvericiliyin tələbləri çərçivəsində öz fəaliyyətlərini davam etdirə bilərlər.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş