AQTA Qurban bayramına hazırlıqla bağlı sahibkarlara müraciət edib
13 İyun 2022 17:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xalqımızı qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir. Agentlik bayram ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır.
Qeyd edək ki, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bu il 9-10 iyul tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcəkdir. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.
Qeyd edək ki, kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə satış şəbəkələrində həyata keçiriləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən satış şəbəkələrinə müraciət edərək bildirir ki, soyuducu avadanlıqlarla kifayət qədər təchiz olunmuş, xidmət göstərdiyi ərazidə yaşayan əhaliyə qurbanlıq heyvan sifarişini baytarlıq-sanitariya, sanitariya-gigiyena qaydalarına uyğun təmin etmək üçün müvafiq infrastruktura malik satış məntəqələri əhalidən sifariş qəbul edə və Qurban bayramında əhalinin sağlam, təhlükəsiz qurbanlıq ətlə (heyvan cəmdəyi ilə) təmin olunmasında iştirak edə bilər.
Müraciət edən satış məntəqələrinin aşağıda göstərilənləri nəzərə alması zəruridir:
- Sifarişi götürülən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir.
- Bu satış şəbəkələrində diri heyvanların satışı və kəsiminin həyata keçirilməsi qətiyyən yolverilməzdir.
- Həmin satış məntəqələrində mövcud soyuducu kameraların imkanlarından artıq sifarişlər qəbul olunmamalı, eyni zamanda soyuq qida zəncirinin tələblərinə əməl edilməlidir.
Sahibkarlıq subyektlərinin əvvəlcədən Agentliyin ərazi vahidləri üzrə aşağıda qeyd olunan regional bölmələrinə müraciət etməsi xahiş olunur.
- Bakı şəhəri üzrə Agentliyin Bakı regional bölməsi;
- Sumqayıt şəhəri, Abşeron və Qobustan rayonları üzrə Agentliyin Sumqayıt regional bölməsi;
- Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları üzrə Agentliyin Xaçmaz regional bölməsi;
- Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı rayonları üzrə Agentliyin Şamaxı regional bölməsi;
- Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala rayonları üzrə Agentliyin Salyan regional bölməsi;
- Lənkəran şəhəri, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonları üzrə Agentliyin Lənkəran regional bölməsi;
- Mingəçevir və Yevlax şəhərləri, Bərdə, Ağdaş, Tərtər, Ağdam rayonları üzrə Agentliyin Bərdə regional bölməsi;
- Şəki şəhəri, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ rayonları üzrə Agentliyin Şəki regional bölməsi;
- Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy, Daşkəsən rayonları üzrə Agentliyin Gəncə regional bölməsi;
- Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonları üzrə Agentliyin Tovuz regional bölməsi;
- Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonları üzrə Agentliyin Ucar regional bölməsi.
Əlavə məlumat əldə etmək istəyənlər Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.