AQTA quş qripi ilə bağlı sahibkarlara müraciət edib
30 Yanvar 2021 14:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edir.
Agentlik sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə bağlı məsələlərə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, eyni zamanda ölkəmizə quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.
Bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın 35 ölkəsində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi aşkarlanan bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Həmçinin, aidiyyəti qurumlarla birgə nəzarət tədbirləri gücləndirilib və yüksək patogen quş qripi aşkarlanan ölkələrdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.
Qeyd edilir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl Agentlik və ya onun regional bölmələri vasitəsilə sözügedən məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar. Sahibkarlar idxal tələblərini Agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilər. Həmçinin dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür.
Sahibkarların nəzərinə çatdırılır ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti Qida Təhlükəsizliyi Agentliyi və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir. Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir.
2021-ci ilin 29 yanvar tarixinə Ümumdünya Heyvan Sağlamlığı təşkilatı tərəfindən ərazisində yüksək patogen quş qripi xəstəliyi aşkarlanmış ölkələr aşağıdakılardır:
1. Rusiya Federasiyası
2. Bolqarıstan
3. İran İslam Respublikası
4. İsrail
5. Almaniya
6. Polşa
7. Hindistan
8. Slovakiya
9. Rumıniya
10. Macarıstan
11. Ukrayna
12. Çexiya
13. Çin
14. Səudiyyə Ərəbistanı
15. Vyetnam
16. Filippin
17. İraq
18. Qazaxıstan
19. Niderland
20. İngiltərə
21. Yaponiya
22. İsveç
23. Fransa
24. Xorvatiya
25. Belçika
26. Koreya
27. İrlandiya
28. Şotlandiya
29. Litva
30. Şimali İrlandiya
31. Kamboca
32. Küveyt
33. İtaliya
34. Danimarka
35. Amerika Birləşmiş Ştatları
AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş