AQTA saxta spirtli içki emal edən sex aşkarladı
16 Avqust 2019 02:41














Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.
Həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.
Baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır.
Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb.
Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.
Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Oxşar xəbərlər

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Arı xəstəlikləri üzrə monitorinqlər həyata keçirilir
İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı arıxanalara klinik baxış keçirilib, diaqnostik nümunələr götürülərək akarapidoz, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, bal arılarının tropilelap gənələri və varroatoz xəstəliklərinə görə seroloji müayinələr aparılıb. 2024-ci ildə respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. 2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə-Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəlik olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib. Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçirilib və qanunvericiliyin tələbləri izah olunub.
