AQTA sədri Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
6 May 2022 17:52
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) baş direktoru Pablo Roka Blasko ilə görüşüb.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf istiqamətləri, bu məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, bununla bağlı həyata keçirilən irimiqyaslı tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılmasından söz açan sədr şərab məhsullarının qida təhlükəsizliyinə nəzarətin AQTA-nın müvafiq laboratoriyalarında aparılan təhlillərin nəticəsinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Həmçinin qonağın diqqətinə çatdırılıb ki, uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verilib və həmin məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı həyata keçirilib.
Baş verən hallara görə təəssüfləndiyini bildirən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Pablo Roka Blasko Azərbaycanla OIV arasında səmərəli əməkdaşlığın qurulduğunu, bu münasibətlərin qarşıdakı illər ərzində də müsbət dinamika üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycan ərazilərində qanunsuz olaraq, Ermənistan adı altında şərab və digər məhsulların istehsalı, Aİ ölkələrinə satışı və ixracı ilə bağlı rəhbərlik etdiyi təşkilata rəsmi məlumatların təqdim olunmasını xahiş edən qonaq saxtalaşdırma və qanunsuz satış halları ilə əlaqədar aidiyyəti beynəlxalq, regional qurum və təşkilatlarla danışıqlar aparılacağını qeyd edib.
Daha sonra əməkdaşlıqda növbəti mərhələlər üzrə prioritet kəsb edən digər məsələlər müzakirə edilib. Şərab normalarının hazırlanması sahəsində mümkün əməkdaşlığın həyata keçirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarların təşkili, şərabçılıq məhsullarının laboratoriya analizlərinə cəlb olunması ilə bağlı təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb. OIV rəhbərliyi tərəfindən müsbət yanaşılan bir çox məsələlərlə bağlı, o cümlədən Agentlik əməkdaşlarının standartların hazırlanmasında iştirakı, sınaq metodlarının hazırlanması üzrə Təşkilatın komissiyasında təmsil olunması, elektron sertifikat platformasına Azərbaycanın qoşulması və s. üzrə müvafiq qərarlar qəbul olunub.
Oxşar xəbərlər

Arı xəstəlikləri üzrə monitorinqlər həyata keçirilir
İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı arıxanalara klinik baxış keçirilib, diaqnostik nümunələr götürülərək akarapidoz, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, bal arılarının tropilelap gənələri və varroatoz xəstəliklərinə görə seroloji müayinələr aparılıb. 2024-ci ildə respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. 2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə-Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəlik olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib. Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçirilib və qanunvericiliyin tələbləri izah olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Riu-Qrandi-du-Sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb. Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və s. tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.