AQTA sədri Moskvada “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertlə görüşüb
7 Oktyabr 2023 09:40
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri çərçivəsində oktyabrın 6-da bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşü keçirilib.
Görüşdə Rusiya Federasiyasından ölkəmizə yüksək riskli qida məhsulları idxal edilən müəssisələrin qeydiyyatı və təsdiqi ilə bağlı məsələlər nəzərdən keçirilib. Prosesin uğurla aparıldığı və bu vaxtadək qeydiyyatdan keçməyən müəssisələrdən məhsul idxalına icazə müddətinin 2023-cü il 31 dekabr tarixinədək uzadıldığı vurğulanıb. Eyni zamanda görüşdə Rusiya Federasiyasının təsdiq sisteminin ekvivalentliyi, Azərbaycan Respublikasından bu ölkəyə ixrac olunan heyvan mənşəli məhsulların keyfiyyət və təhlükəsizliyinə dair nəzarətin daha da sadələşdirilməsi və iki ölkə arasındakı dövlət sərhəd-keçid məntəqələrində baytarlıq nəzarətinin gücləndirilməsi və sərhədyanı bölgələrdə baytarlıq tədbirlərinin təşkilinə dair birgə görüşlərin keçirilməsi müzakirə edilib, təkliflər irəli sürülüb. Görüşdə transsərhəd heyvan xəstəliklərinə qarşı tədbirlərin bir-birilə əlaqəli şəkildə həyata keçirilməsi, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsinin sərhədin hər iki tərəfində eyni vaxtda aparılması, heyvanların identifikasiyası üzrə əməkdaşlıq, heyvan mənşəli məhsulların ixracına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub.
Görüşdə həmçinin iki ölkə arasında fitosanitar sahədə idxal-ixrac nəzarətinin daha da təkmilləşdirilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası prosesinin sürətləndirilməsindən bəhs edilib. Bir sıra kənd təsərrüfatı məhsullarının (pomidor, tumlu çəyirdəkli meyvələr) ixracı zamanı Agentliyin zəmanəti əsasında məhsul partiyalarının laborator müayinələrə cəlb edilməsi tezliyinin azaldılması üçün zəruri prosedurların razılaşdırılması qərara alınıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Q.Təhməzli Rusiya Federasiyasının Hökumət rəhbəri Mixail Mişustin və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilən “Qızıl payız-2023” aqrar-sənaye sərgisinin rəsmi açılış mərasimində iştirak edib. Daha sonra AQTA nümayəndə heyətinin “Gələcəyə investisiya: kənd təsərrüfatı təhsilinə müasir baxış” mövzusunda keçirilən plenar iclasda iştirakı baş tutub. Həmçinin Agentliyin nümayəndə heyətinin üzvləri Rusiyanın “Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinə baş çəkib, mərkəzin nəzdində fəaliyyət göstərən laboratoriyada taxıl məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyən edilməsinə dair təcrübə ilə tanış olublar.
Qeyd edək ki, Agentlik əməkdaşları “Pestisidlərin və Aqrokimyəvi Maddələrin İzlənməsi üzrə Federal Dövlət İnformasiya Sistemi” mövzusunda keçirilən dəyirmi masada da iştirak ediblər. Nümayəndə heyəti Heyvanların Ümumrusiya Mühafizə Mərkəzi, Ümumrusiya Dövlət Heyvanlar üçün Dərman Vasitələri və Yemlərin Standartlaşdırılması və Keyfiyyət Mərkəzi və Ümumrusiya Bitki Karantini Mərkəzindən olan həmkarları ilə də görüşüb, Ümumrusiya Bitki Karantini Mərkəzinin fəaliyyəti və yeni feromon tələlərin istehsalı, elmi-metodiki mərkəzin və bioloji üsulla mübarizə şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub.
AQTA sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri bu gün başa çatır.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş