AQTA sədri Qoşqar Təhməzli BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüşüb
2 Oktyabr 2019 16:20
Oktyabrın 2-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə AQTA sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və qarşısına qoyduğu hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, Agentlik fəaliyyətə başladığı ilk 6 ay ərzində qurumun maddi-texniki bazasının inkişafı və hüquqi bazanın formalaşdırılması istiqamətində mühum addımlar atılıb. Funksiyalarının icrasına başladığı 1 ildən artıq müddətdə isə ölkə ərazisində qida təhlükəsizliyinin tənzimlənməsi və nəzarəti həyata keçirilir.
Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbayacn Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri haqqında məlumat verən Q. Təhməzli institutun nəzdində beynəlxalq akkreditasiyadan keçmiş 21 laboratoriyanın fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırıb. Qida məhsullarının idxalı zamanı risk əsaslı nəzarət tədbirlərinin həyata keçirildiyini bildirən Agentlik sədri tarladan süfrəyə nəzarət tədbirlərinin həyata keçirildiyini bildirib.
AQTA sədri “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verib. Dövlət Proqramının bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsində əhəmiyyətini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla, eyni zamanda sahibkarlarla sıx əməkdaşlıq edir. Agentlik tərəfindən qida təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, istehlakçı hüquqlarının qorunması, habelə qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçılarla yanaşı, sahibkarların maarifləndirilməsi istiqamətində də ardıcıl olaraq tədbirlər həyata keçirilir.
Görüşdə pestisid və aqro kimyəvi maddələrdən düzgün istifadə, heyvan sağlamlığının qorunması, geni modifikasiya olunmuş qida məhsulları, unun zənginləşdirilməsi, əhalinin xüsusi qrupları üçün nəzərdə tutulan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş