AQTA sədri Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı Səfiri ilə görüşüb
18 Dekabr 2018 16:00






Dekabrın 19-da Qida Təhlükəsizliyi Agentliyinin Sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə görüşüb.
Görüşdə Q.Təhməzli Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı, idxal-ixrac əməliyyatlarının həcmi ilbəil artır. Burada qida məhsullarının payında yüksəlişin nəzərəçarpacaq dərəcədə artdığı vurğulanıb.
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə baş tutan monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, vəhşi quşlara baxış keçirilir. Həmçinin xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir. Sonda epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bosniya və Herseqovinanın Serb Respublikasında və Niger Respublikasının Niamey regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Serb Respublikasında və Niamey regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

ABŞ-nin bəzi ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya, Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
