AQTA sədri quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
14 Aprel 2022 14:42
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib.
Görüşdə Agentlik sədri qida zəncirinin bütün mərhələlərində, o cümlədən quşçuluq sahəsindəki fəaliyyətlə bağlı qarşıya qoyulan vəzifələr, bu sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq, həyata keçirilən tədbirlərlə bağlı sahibkarları məlumatlandırıb. Sahibkarlara şəffaflıq prinsipləri əsasında həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin ölkədə qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Agentlik sədri, bu istiqamətdə AQTA tərəfindən hər cür metodiki köməkliyin göstəriləcəyini diqqətə çatdırıb. Bildirilib ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən, nəmlik dərəcəsi və digər keyfiyyət göstəricilərinə uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirləri gücləndirilib.
Sahibkarlar tərəfindən quşçuluq sektorunda yoluxucu xəstəliklərə qarşı peyvəndləmə sxemlərinin effektivliyinin artırılması, ölkəyə damazlıq quşların idxalına nəzarətin gücləndirilməsinin vacib olduğu barədə fikirlər irəli sürülüb.
Daha sonra quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.