AQTA sədri taxıl istehsalçıları və emalçıları ilə görüşüb
19 Aprel 2022 18:12


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) taxıl istehsalçıları və emalçıları ilə görüş keçirib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli taxıl istehsalı və idxalı sahəsində görülən işlər, bu sahədə ölkəmizin idxal tələbləri, idxal zamanı taxılda aşkarlanan zərərli orqanizmlər və onlarla mübarizə üsulları barədə iştirakçılara məlumat verib. Bildirilib ki, ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında sahibkarların üzərinə xüsusi məsuliyyət düşür. Sahibkarlara verilən dövlət dəstəyi və təlimatlar əsasında son illərdə işlərin daha səmərəli qurulduğu və yüksək nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Eyni zamanda sahibkarlar icazə sənədlərinin alınması ilə bağlı öz məmnunluqlarını ifadə ediblər.
Daha sonra taxıl istehsalı, idxalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
