AQTA sədri və Avropa İttifaqının ölkəmizdəki səfiri fındıq ixracatçıları ilə görüşüb
13 Sentyabr 2022 17:51
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüş keçirib.
Görüşdə Q.Təhməzli hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındığın əhəmiyyətli yer tutduğunu qeyd edib. Bildirib ki, AQTA fəaliyyətə başladığı ilk gündən ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib. Görülmüş tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb.
Son illərdə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində, eyni zamanda bitkiçilik məhsullarının istehsalı və ixracı ilə bağlı görülən işləri yüksək qiymətləndirən Peter Mixalko bitkiçilik məhsullarının istehsalının, emalının və ixracının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini sahibkarların diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycan keyfiyyətli fındıq istehsalında dünyada seçilən ölkələrdən biridir.
Görüş zamanı fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı müzakirə olunub, sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, məhsullar qabaqcıl təcrübəyə uyğun istehsal edilmədikdə, vaxtında yığımı həyata keçirilmədikdə, müvafiq temperaturda qurudulmadıqda, çeşidləmə məqsədilə müasir texnologiyalardan istifadə edilmədikdə və s. hallarda aflatoksin yarana bilir. Odur ki, beynəlxalq standartlara cavab verən təhlükəsiz məhsul istehsalına nail olmaq, aflatoksinin miqdarının yolverilən həddi keçməsinin qarşısını almaq üçün sahibkarlar məhsulun mövsümündə yığımının həyata keçirilməsi, saxlanması, emalı və çeşidlənməsi qaydalarına əməl etməlidirlər.
Tədbirdə AQTA sədri fındıq ixracatçıları ilə sıx əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, Agentlik tərəfindən maarifləndirici görüş və tədbirlərin təşkil olunacağını və onlara bütün zəruri metodiki köməkliyin göstəriləcəyini vurğulayıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.