AQTA sədrinin Agentlik yanında İctimai Şuranın üzvləri ilə ilk gorüşü keçirilib
19 Dekabr 2020 17:08
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) yanında İctimai Şuranın (Şura) fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülməkdədir. Bu məqsədlə 18 dekabr 2020-ci il tarixində AQTA sədri Qoşqar Təhməzlinin Agentlik yanında İctimai Şuranın və Seçki Komissiyasının üzvləri ilə ilk görüşü keçirilib.
Videokonfrans formatında keçirilən görüşdə İctimai Şuraya seçilən üzvləri təbrik edən Agentlik sədri Şuranın gələcək fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Daha sonra AQTA yanında İctimai Şuranın və Seçki Komissiyasının iştirakı ilə davam edən görüşdə şura üzvləri Agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, qida təhlükəsizliyi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şura üzvləri Şuranın qida təhlükəsizliyi sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Heyvan kəsimi məntəqələrində hansı qaydalara əməl olunmalıdır?
Qurban bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it,pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk