AQTA Şəmkirdə mağazada istifadə müddəti ötmüş 127 kq qida məhsulları aşkarladı
8 May 2020 11:12




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Belə ki, Agentliyin əməkdaşları Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən fiziki şəxs Bayraməliyev Rövşən Musa oğluna məxsus ərzaq mağazasında yoxlama keçirib. Yoxlama zamanı mağazada istifadə müddəti ötmüş ümumi çəkisi 127 kq olan 31 adda müxtəlif əmtəə nişanlı qida məhsulları aşkar edilib.
Qanunvericiliyin tələbləri çərçivəsində mağaza rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, istifadə müddəti ötmüş 127 kq ərzaq məhsulunun satışı qadağan edilib və satışdan kənarlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür - VİDEOMƏLUMAT
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Elbasan bölgəsində xırdabuynuzlu heyvanların taunu, Yaponiyanın Kyuşu regionunda nodulyar dermatit, Kamboca Krallığının Kampot əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Heyvanların qeydiyyata alınması nə üçün vacibdir?
Bu video sizə heyvanların qeydiyyatının arxasında duran əsas səbəbləri, onun həm heyvan sahibləri, həm də cəmiyyət üçün faydalarını izah edir. Sağlamlıq və təhlükəsizlik Zoonoz xəstəliklərin qarşısının alınması Qanuni məsuliyyət və nəzarət Qeydiyyat – yalnız prosedur deyil, məsuliyyətli və düşüncəli münasibətin göstəricisidir. Daha ətraflı məlumat üçün videonu izləyin

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.
