AQTA və OIE-nin birgə regional seminarı öz işinə başlayıb
3 Mart 2020 10:31
Martın 3-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) birgə regional seminarı öz işinə başlayıb. Bakıda keçirilən seminarda 12 ölkənin nümayəndə heyəti iştirak edir. “Yarış atlarının beynəlxalq daşınmasını asanlaşdırmaq üçün OIE-nin prosedur və standartları” mövzusunda keçirilən seminarda AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə çıxış edərək son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, bu istiqamətində beynəlxalq təşkilatlarla, həmçinin OIE ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı geniş məlumat verib. Bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) ilə əməkdaşlıq ölkəmizdə heyvan sağlamlığının təmin edilməsi, bioloji təhlükəsizliyin qorunması və beynəlxalq ticarətin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Son illərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edən R.Rüstəmzadə heyvan sağlamlığı və baytarlıq nəzarəti məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirilib ki, hazırda idman atlarının ölkələr arasında daşınması prosesinin tənzimlənməsi çox aktual məsələdir və Azərbaycan atçılıq idman oyunlarında daim təmsil olunur. Respublikamızda mənşəcə başqa ölkələrə məxsus atların olması idman atlarının yarışlarda iştirak məqsədi ilə daşınması və bu zaman onların sağlamlığının qorunması ciddi nəzarət tələb edir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının regional nümayəndəsi Budimir Plavsiç isə Azərbaycanla əlaqələrin yüksək səviyyədə olmasından, bu münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb. Qeyd edib ki, ölkəmiz atların Afrika taunu xəstəliyinə görə OIE tərəfindən verilmiş azad statusa malikdir. Bu statusu qorumaq üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, 3-5 mart tarixlərində baş tutacaq seminar çərçivəsində müxtəlif mövzularda panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş