AQTA yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN
27 Noyabr 2025 16:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) fəaliyyətində aşkarlığın və şəffaflığın daha da genişləndirilməsi, habelə dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasında vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi üçün Agentlik yanında İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb.
Qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən isə 5 üzv olmaqla Seçki komissiyasının ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra prosedur məsələlərlə bağlı müzakirələr apararaq müvafiq qərar qəbul ediblər.
Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir.
Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 28 noyabr 2025-ci il tarixindən 20 iş günü müddətində olmaqla 26 dekabr 2025–ci il tarixinədək Agentliyin Seçki komissiyasına (e-mail: shura@afsa.gov.az, əlaqə: (+994 12) 565-12-72 (daxili-159) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elan ediləcəkdir.
Ərizə nümunələri:
Oxşar xəbərlər
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir. AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür: “Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi olub
Qida Təhlükəsizliyi Agentliyində İctimai Şura üzvlərinin iştirakı ilə yeni hazırlanan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib. Müzakirə zamanı əvvəlcə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üzrə Dövlət Proqram” ının icrasından əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Proqramın əhatə etdiyi dövr üzrə icra göstəricisi 92 faiz təşkil edib. Daha sonra Agentliyin rəsmiləri təqdimatla çıxış edərək, yeni Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də biotəhlükəsizliyə nəzarət sistemlərinin təkmilləşdirilməsi, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb. Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran sualları cavablandırılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
AQTA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə İctimai Şuranın sədri, Şuranın sədr müavini və Şuranın katibinin seçilməsi məsələsinə baxılıb. Səsvermə yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Mehriban Məhərrəmova Şuranın sədri, media nümayəndəsi Pərvin Abbasov Şuranın sədr müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini Aytac Zülfüqarlı isə Şuranın katibi seçilib. İclasda qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin önəmi diqqətə çatdırılıb. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Giriş