AQTA yanında İctimai Şuraya növbəti seçkilər keçirilib
26 Yanvar 2026 09:01
2026-cı il 23 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə seçki keçirilib.
Səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat lövhələri, səsvermə qutusu və digər zəruri avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb.
Səsvermə prosesində qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib.
Səsvermənin nəticələrinə əsasən, namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunan 7 namizəd İctimai Şuranın üzvü seçilib.
1. Abbasov Pərvin Əkbər oğlu – Media nümayəndəsi;
2. Zülfüqarlı Aytac Sədrəddin qızı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini;
3. Ömərov Asəf Məmməd oğlu – Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi;
4. Qəniyeva Qalina Sədirovna – Azərbaycan Tibb Universitetinin nümayəndəsi;
5. Abdullayev Elnur Əbdülhüseyn oğlu – “Azərbaycan Bitki Mühafizəsi Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası”nın sədr müavini;
6. Məhərrəmova Mehriban Həmid qızı – Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi;
7. Qulubəyov Fuad Mamay oğlu – “Ət və Ət Məhsulları İstehsalçıları” İctimai Birliyinin qanuni təmsilçisi.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılan məşvərətçi qurumdur.
Oxşar xəbərlər
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir. AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür: “Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi olub
Qida Təhlükəsizliyi Agentliyində İctimai Şura üzvlərinin iştirakı ilə yeni hazırlanan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib. Müzakirə zamanı əvvəlcə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üzrə Dövlət Proqram” ının icrasından əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Proqramın əhatə etdiyi dövr üzrə icra göstəricisi 92 faiz təşkil edib. Daha sonra Agentliyin rəsmiləri təqdimatla çıxış edərək, yeni Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də biotəhlükəsizliyə nəzarət sistemlərinin təkmilləşdirilməsi, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb. Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran sualları cavablandırılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
AQTA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə İctimai Şuranın sədri, Şuranın sədr müavini və Şuranın katibinin seçilməsi məsələsinə baxılıb. Səsvermə yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Mehriban Məhərrəmova Şuranın sədri, media nümayəndəsi Pərvin Abbasov Şuranın sədr müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini Aytac Zülfüqarlı isə Şuranın katibi seçilib. İclasda qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin önəmi diqqətə çatdırılıb. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş