AQTA yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət etdi
14 İyul 2018 00:00


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.
Agentlik ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Bildirilir ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaqdır.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Riu-Qrandi-du-Sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb. Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və s. tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
