AQTİ-də Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin baş direktoru ilə görüş keçirilib
15 İyul 2022 10:51
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodislə görüş keçirilib.
Görüşdə M. Balodisə AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası barədə geniş məlumat verilib. Daha sonra qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılaraq qarşılıqlı fəal təcrübə mübadiləsiinin əhəmiyyəti vurğulanıb.
Görüşdən sonra qonaq tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib, bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olub.
Oxşar xəbərlər
Quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nepal Federativ Demokratik Respublikasının Şərq, Qandaki, Madheş əyalətlərində, Kanadanın Manitoba, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Nyufaundlend-Labrador əyalətlərində, Şotlandiyanın Şetland, Eilean-Siar, Pert və Kinross, Anqus, Damfris-Qalloyey, Şərqi Ayrşir, Fafe, Haylənd, Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində, İngiltərənin Şərqi İngiltərə, Cənub-Şərqi İngiltərə, Qərbi Midland, Şimal-Qərbi İngiltərə, Şimal-Şərqi İngiltərə regionlarında, İtaliya Respublikasının Toskana regionunda, Uelsin Anqlesey, Pouis inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Kolorado, Florida, Minnesota ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak edib. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıb. Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib. AQTA sədri Q.Təhməzli “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” mövzusunda təşkil olunan sessiyada çıxış edib. Q.Təhməzli bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Agentlik sədri bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edib və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndirib. Q.Təhməzli vurğulayıb ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır. Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır. Respublikamızda bu istiqamətdə son illərdə aparılmış islahatların öz bəhrəsini verməkdə olduğunu bildirən AQTA sədri ölkəmizin əldə olunan təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Q.Təhməzli deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll olunması məqsədilə “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq təqdim ediləcək. AQTA sədri vurğulayıb ki, mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq.
COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, “Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır. Konsepsiya xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır. Bu konsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir. Konsepsiyanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlı aləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.