AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
22 May 2024 17:04
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyində fəaliyyət göstərən Ümum-Rusiya Bitki Karantini Mərkəzinin (FGBU VNİİKR) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev İnstitutun laboratoriyalarının maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğur və nailiyyətlər əldə edib.
FGBU VNİİKR-in direktor müavini Kornev Konstantin Pavloviç iki ölkənin müvafiq qurumları arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Eyni zamanda əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə daha sonra AQTİ və FGBU VNİİKR arasında 2021-ci ildə bağlanmış Anlaşma Memorandumuna əlavə sənəd kimi imzalanması nəzərdə tutulan “2024-2026-cı illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planı” müzakirə olunub, təkliflər irəli sürülüb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinə, Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçiriblər. Qonaqlara həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb. Eyni zamanda AQTİ-nin bu yaxınlarda fəaliyyətə başlayan Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası haqqında qonaqlara məlumat verilib. Laboratoriyanın bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verdiyi qeyd olunub.
Qeyd edək ki, Kornev Konstantin Pavloviç Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edib.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş