AQTİ mütəxəssisləri tərəfindən bitki sağlamlığı sahəsində tədbirlər davam etdirilir
13 Sentyabr 2022 14:24
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Yaponiya şam uzunbığ böcəyinin (Lat. - Monochamus alternatus) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə ekspres risk təhlili həyata keçirilib.
Yaponiya şam uzunbığ böcəyi bir sıra Cənubi Asiya ölkələrində yayılmış bitki zərərvericisidır. Bu növə daha çox Yaponiya, Çin, Koreya, Laos, Tayvan və Vyetnamda rast gəlinir. Zərərverici taxta qablaşdırma materiallarının beynəlxalq ticarəti zamanı Çindən Avropaya (Estoniya, Almaniya, Böyük Britaniya, Danimarka, Norveç) keçib. İndiyə kimi Yaponiya şam uzunbığ böcəyinin Azərbaycanda aşkar edilməsi ilə bağlı isə heç bir rəsmi məlumat qeydə alınmayıb.
Adından da göründüyü kimi, zərərvericinin əsas sahib bitkisi şam ağacıdır, həmçinin, bu zərərverici Şamkimilər (Lat.-Pinaceae) və Sərvkimilər (Lat.-Cupressaceae) fəsiləsindən olan digər ağac növləri ilə qidalanır. Eyni zamanda, bu zərərvericinin sahib bitkilərinə Yapon qızılşamı və Yapon qaraşamı, Çin qızılşamı aid edilir. Bundan başqa, zərərverici alma, ağcaqayın, ağ şam, Himalay sidri, Livan sidri, Çin ardıcı və digər ağac növlərinə də ziyan vura bilər.
Yaponiya şam uzunbığ böcəyi orta illik temperaturdan və iqlim şəraitindən asılı olaraq ildə 1-2 nəsil verir və ömrünün çox hissəsini ağacda keçirir. Yaponiyanın Okinava ərazisində yetkin fərdlərə aprel-avqust aylarında, Mərkəzi Yaponiyada isə may-avqust aylarında təsadüf edilib.
Dişi fərdlər qurumuş və yeni kəsilmiş ağacların budaqlarını gəmirməklə qabıq hissədə yarıqlar əmələ gətirir və hər yarığa bir yumurta qoyulmaqla orta hesabla 60-200 (bəzən 200-dən çox) yumurta qoya bilir. Sürfələr 6-9 gün ərzində yumurtadan çıxır. Pup mərhələsi 17-19 gün, erkən yetkinlik mərhələsi isə 6-8 gün davam edir. Yetkin fərdlər təbii şəraitdə 70-125 gün, laboratoriya şəraitində isə 25°C temperaturda orta hesabla 100 gün yaşayır.
Yaponiya şam uzunbığ böcəyinin yetkin fərdləri sahib bitkilərin qabığı ilə qidalanır. Onlar yeni kəsilmiş və qurumuş ağaclara yumurta qoyaraq ağacların özəyini sirayətləndirir. Sürfələrin qidalanması və inkişafı bitkilərin məhvini sürətləndirir və əmtəə dəyərini aşağı salır.
Yaponiyada ən çox ağac itkisi 1979-cu ildə qeydə alınıb. Həmin il Yaponiya şam uzunbığ böcəyi 2,4 milyon kubmetr ağaca ziyan vurub.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.