AQTİ mütəxəssisləri tərəfindən hazırlanan məqalələr Kanada və İsveçdə keçirilən beynəlxalq konfrans materiallarında dərc olunub
14 Dekabr 2021 12:25
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən heyvan sağlamlığı ilə bağlı həyata keçirilən elmi-tədqiqat işlərinin nəticələrinə dair məqalələr Kanada və İsveçdə keçirilən beynəlxalq konfrans materiallarında dərc olunub.
AQTİ mütəxəssisləri tərəfindən cari il ərzində "Azərbaycanda quşçuluq sahəsində antimikrob rezistentliyin araşdırılması” və “Ev heyvanlarında SARS-CoV-2 infeksiyasının araşdırılması” istiqamətlərində elmi-tədqiqat işləri həyata keçirilib.
Quşçuluq sahəsində antimikrob rezistentliyin araşdırılması zamanı quşçuluq təsərrüfatlarından götürülən nümunələrdə bakterioloji müayinələr nəticəsində əldə olunan izolyatlarda müxtəlif antibiotik siniflərinə qarşı rezistenliyin mövcudluğu aşkar olunub. Bu barədə məlumatlar Kanadada keçirilən elmi konfrans materiallarında dərc olunub. Bununla yanaşı ev heyvanlarında SARS-CoV-2 infeksiyasının araşdırılması istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri nəticəsində it və pişiklərdə xəstəlik törədicisinə qarşı anticisimlər aşkar edilib ki, bu barədə məlumatlar İsveçdə keçirilən elmi konfrans materiallarında nəşr olunub.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirir.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.