
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası ABŞ-ın “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib. Milli Referens Laboratoriyasının bu uğuru təsadüfi deyil. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Laboratoriyalarda qabaqcıl texnologiyalar tətbiq olunur. Milli Referens Laboratoriyasının apardığı uğurlu müayinələr nəticəsində ölkəmizdə istehsal edilən fındıq məhsullarında aflatoksinin yaranma riski minimuma endirilib. Buna görə də, 2024-cü il ərzində Avropa bazarlarına ixrac olunan məhsullarda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu nailiyyət qida məhsullarının ixracı zamanı tətbiq olunan gücləndirilmiş nəzarət tədbirlərinin nəticəsidir. Milli Referens Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrləri yüksək səviyyədə yoxlanılır. Burada mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Səriştəliliyin artırılması üçün kadrlar təlimlərə cəlb olunur. Həmçinin onların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.

13-17 yanvar tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş ərazilərdə vəhşi quşlara klinik baxış keçirilib, 64 baş müxtəlif növ vəhşi quşdan nümunələr götürülüb. Bundan əlavə, 30 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 300 baş, habelə 19 rayonun (şəhər) 206 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 634 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib, toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir. Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib. Qeyd edək ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya alkoqollu içki nümunəsində fiziki-kimyəvi və toksikoloji sınaqda uğurlu nəticə əldə edib. Belə ki, analizlər etil spirti, etanal (asetaldehid), etil asetat, metanol, propanol 1 və dimetil propanol 1-in təyini üzrə aparılıb. Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 27-31 yanvar tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı və Cəlilabad rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.

Nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners.” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.

Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Yasamal rayonu, M.Xiyabani küçəsində fəaliyyət göstərən, “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlandığı müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər fevralın 6-sı saat 14:30-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Bakı şəhərinin Sabunçu rayonunda fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı məlum olub. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.