
Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriyanın yüksək ixtisaslı mütəxəssisləri yemlərdə xam protein, yağ, sellüloza, xlorid turşusunda həll olmayan kül, xam kül və nəmliyin təyini və baytarlıq preparatlarında sterilliyin təyini üzrə aparılan səriştəlilik sınaqlarında uğurlu nəticələr göstərib. Kompleks Tədqiqatlar Laboratoriyası bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standards” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr nümayiş etdirib. Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitkilər üçün pestisid və gübrələrin, eyni zamanda qida ilə təmasda olan bütün maddə və materialların tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Laboratoriyada qabaqcıl texnologiyalar tətbiq olunur, kadrlar mütəmadi olaraq təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

İstehlak bazarına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq zamanı “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb. Bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib. Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya, Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir. Agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-ə çatdırılıb. Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır. Bununla bağlı Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Həmçinin bildirilir ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.

Nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb. Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib. Sözügedən mağazanın fəaliyyəti dayandırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər fevralın 13-ü saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qida Təhlükəsizliyi Agentliyində respublikada fəaliyyət göstən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb. Qeyd olunan xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub. Sonda xəstəliyə şübhə hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsi nəzərə çatdırılıb. Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Aqşin Salam oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı suların açıq şəraitdə qablaşdırıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, qabların yuyulub doldurulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Baxış zamanı digər istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı su bidonlarının doldurularaq satışa çıxarıldığı müəyyən edilib. Həmçinin emal sahəsində qablaşdırılma tarixi qeyd edilməyən 100 ədəd 19 litrlik müxtəlif əmtəə nişanlı su bidonu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Nəzarət tədbirləri çərçivəsində "Farmvet" MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "Trim/Sul 80/400 Oral Suspenziya" baytarlıq preparatından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.