
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində dabaq, Sloveniya Respublikasının Podravska regionunda, Polşa Respublikasının Lodz inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Federal paytaxt ərazisində, Nepal Federativ Demokratik Respublikasının Koşi əyalətində, İngiltərənin Şimal-Qərbi İngiltərə regionunda, Kanadanın Nyufaundlend və Labrador əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib. Eyni zamanda məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd olunmadığı məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb. Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib. Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.

Qida obyektlərində HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi olan HACCP məhsulun təhlükəsizliyini təmin etməklə, birbaşa keyfiyyətinin artırılmasına üstünlük verir. Məhsulun standart keyfiyyətdə istehsalı hesabına satış və gəlirliliyini artırır. Nəzarət tədbirləri əvəzinə, risk əsaslı yanaşmanın həyata keçirilməsinə imkan verir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. Məhsulların ixracını asanlaşdırır. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır. Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qida obyektlərində aparılan planlı yoxlamalar zamanı müəssisələrin HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə əsasən aparılan təkrar yoxlama zamanı verilmiş göstərişlərin icrası vəziyyəti yoxlanılır və aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı təqdirdə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilir. Məlumat üçün bildiririk ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. Sahibkarlar HACCP mövzusunda keçirilən təlimlərdə iştirak etmək və ya məsləhət xidmətlərindən yararlanmaq üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Filippin Respublikasının Nueva Esica əyalətində, Niderland Krallığının Şimali-Hollandiya, Utrext əyalətlərində, Fransa Respublikasının O-de-Frans, Pei de la Luar regionlarında, Niger Respublikasının Tillaberi regionunda yüksək patogen quş qripi, Bolqarıstan Respublikasının Qabrovo, Sumen vilayətlərində kü isitməsi, Rusiya Federasiyasının İvanovo, Kostroma, Yaroslavl vilayətlərində xırdabuynuzlu heyvanların çiçək, Tunis Respublikasının Ben-Arous vilayətində dabaq, Rusiya Federasiyasının Mari-El Respublikasında isə qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb. Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Xəbər verildiyi kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59 nəfərə, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan, bu ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir. Qeyd edək ki, ölkəmizə Türkiyə Cümhuriyyətindən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə, bu məhsulların idxalına icazə verilir. Məlumat üçün bildirək ki, 2024-cü il ərzində Türkiyə Cümhuriyyətindən ümumilikdə 645120 litr (23700 litri rakı, 620890 litri pivə, 530 litri şərab), 2025-ci ilin 1 yanvar-17 fevral tarixlərində isə 46300 litr (5150 litri rakı, 41150 litri pivə) spirtli içki idxal olunub ki, bu məhsullar da təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib və istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Cari ilin 3-7 mart tarixlərində keçiriləcək monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq sistemə daxil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-14 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran, İmişli, Tərtər və Ağdam rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Zoologiya İnstitutu ilə birgə Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçirilir. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan 13 min aldadıcı yem paylanacaq. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.